Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya olunması və sənədin qüvvəyə minməsinin təmin edilməsinin mühüm olduğunu hesab edir.
“Ötən il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addım olub. Bu sənəd Xəzəryanı ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, eyni zamanda Xəzər dənizi bölgəsində sabitlik, tərəqqi və qarşılıqlı etimad mühitinin inkişaf etməsinə xidmət edir. Hazırda Konvensiyanın bütün iştirakçılar tərəfindən ratifikasiya olunması qarşımızda duran əsas məsələlərdən biridir. Növbəti mərhələdə Konvensiyanın qüvvəyə minməsi və ondan irəli gələn məsələlərin öz həllini tapması vacibdir”, - Məmmədyarov Azərbaycanın kütləvi informasiya vasitələrinə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Konvensiyanın səmərəli həyata keçirilməsi məqsədilə Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup fəaliyyət göstərir.
“Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi regionumuz və dünya üçün böyük əhəmiyyət kəsb edən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılmasına böyük töhfəsi olacaqdır. Belə ki, artıq regionda fəaliyyət göstərən subyektlər üçün Xəzər dənizinin hüquqi statusu ilə qeyri-müəyyənlik dövrü bitmişdir. Konvensiyada dənizin tranzit potensialının həyata keçirilməsinin vacibliyi nəzərə alınmış, Xəzəryanı dövlətlər üçün ticarət gəmiçiliyinin azadlığı və təhlükəsizliyinin təmin olunması prinsipi təsbit olunmuşdur. Azərbaycan hər bir Xəzəryanı ölkə ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu, Xəzərdə qarşılıqlı təhlükəsizliyin və etimadın təmin edilməsi üçün mühüm amildir”, - XİN başçısı əlavə edib.
Prezident İ.Əliyev 22 fevral 2019-cu il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədin məqsədi tərəflərin Xəzər dənizindən istifadəyə dair hüquq və öhdəliklərinin müəyyən olunması və tənzimlənməsidir. Buna dəniz suları, dibi, yerin təki, təbii resurslar və hava məkanı daxildir. **
A.Əzizov