2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 16,1% - 15 milyard 111,6 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 410,4 milyon manat (ilin əvvəlindən azalma 11% - İF) və ya bütün kreditlərin 9,3%-ni təşkil edir.
Dekabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 514 milyon manat (artım 19,8%) və ya bütün kreditlərin 16,6%-i, özəl banklar tərəfindən 12 milyard 231,5 milyon manat (artım 16,2%) və ya bütün kreditlərin 80,9%-i həcmində kredit verilib. Qalan 370,9 milyon manat (azalma 5,4%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il dekabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 9 milyard 799,1 milyon manat (artım 21,4%) milli valyuta, 5 milyard 317,3 milyon manat (artım 7,5%) xarici valyuta ilə verilib. Cari ilin dekabr ayının əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 35,2% (2018-ci ilin sonuna 38%) təşkil edir.
2019-cu il dekabrın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 339,5 milyon manat (bütün kreditlərin 15,5%-i) ticarət və xidmət sahələrinin, 611,2 milyon manat (4%) energetika, kimya və təbii sərvətlər sektorunun, 520,1 milyon manat (3,4%) kənd təsərrüfatı və emal sahələrinin, 583,5 milyon manat (3,9%) tikinti və daşınmaz əmlak sahələrinin, 930,9 milyon manat (6,2%) sənaye və istehsal sektorunun, 1 milyard 207,8 milyon manat (8%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 814,6 milyon manat (45,1%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 28,1% artıb.*
Ə.Məmmədov