Azərbaycan və Avropa İttifaqı Avropa tərəfdaşlarının mövqeyi dəyişəcəyi halda strateji tərəfdaşlığa dair sazişin imzalanması məqsədilə Aİ ilə danışıqları davam etdirə bilər.
“Yeni saziş ilə bağlı Aİ ilə danışıqlar pis getmir. Bəndlərin artıq 90%-dən çoxu razılaşdırılıb. Razılaşdırılmayan bəndlər bizim üçün qətiyyən qəbuledilməzdir. Aİ-nin mövqeyi dəyişməyəcəyi halda biz hədəfə yönələn danışıqları davam etdirə bilərik”, - Əliyev “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın bütün Avropa ölkələri ilə yaxşı münasibətləri formalaşıb, lakin ölkəmiz Aİ ilə assosiasiya haqqında saziş imzalamayıb və Avropa İttifaqına daxil olamq fikrində deyil.
“Azərbaycan Aİ-yə daxil olmaq fikrində deyil, bizi orada heç gözləmirlər. Biz hətta namizədlər siyahısına daxil deyilik və “Şərq Tərəfdaşlığı” layihəsində birləşən keçmiş SSRİ dövlətlərindən fərqli olaraq, assosiasiya haqqında saziş imzalamamışıq. Mən o sənədi tam oxudum və anladım ki, bu saziş deyil, təlimatdır və biz ona riayət etməliyik. Komandamın üzvlərinə sual verdim: Bu təlimat bizim nəyimizə gərəkdir? Bu bizə nə verir? Hər hansı praktiki fayda var mı? Şəxsən mən bir fayda görmədim, buna görə Avropa komissiyasına bizim üçün faydalı olan ikitərəfli saziş üzərində işləməyi təklif etdik. Azərbaycan vətəndaşlarına nə deyə bilərdim, biz niyə buna gedirik. Axı biz kiminsə xoşuna gəlmək məqsədilə və ya sadəcə bunun bizdə olduğunu bəyan etmək üçün saziş imzalaya bilmərik. Biz belə işləmirik. İstənilən saziş, istənilən razılaşmanın konkret nəticələri olmalıdır”, - Azərbaycan prezidenti bəyan edib.
Dekabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair yeni sazişin bəndlərinin 90%-i razılaşma əsasında öz həllini tapıb.
Eyni zamanda, bildirib ki, tərəflər arasında əsas məqamlarla bağlı fikir ayrılıqları var. Onun sözlərinə görə, birinci əsas məsələ ticarətlə bağlıdır. “Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır”, - prezident qeyd edib.
İ.Əliyev bildirib ki, digər vacib məsələ energetika sektoru ilə bağlıdır. “Sazişdə təklif olunan məsələlərin biri də enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır”, - prezident vurğulayıb.**
Ə.Məmmədov