Prezident İlham Əliyev bu gün sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanın imzalanmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsidir.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılacaq: Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi; Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu; Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi; Sosial Xidmətlər Agentliyi.
Bu qurumların fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda İdarə Heyəti yaradılır. İdarə Heyətinin üzvlərini əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edir.
Nazirlər Kabinetinə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini, o cümlədən nizamnamə fondlarının miqdarı barədə təkliflərini üç ay müddətində hazırlamaq tapşırılıb.
Sosial Xidmətlər Agentliyi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində yenidən təşkil edilmiş Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə verilməlidir.*
N.Abbasova