Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”ni təsdiq edib.
Dövlət başçısının saytında dərc olunmuş Əsasnaməyə əsasən, iqtisadiyyat nazirinin 1 birinci müavini və 5 müavini var.
İqtisadiyyat Nazirliyinin funksiyalarına Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişafın və iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması, dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili daxildir.
Nazirliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: ölkənin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması ilə bağlı təkliflər hazırlamaq; ölkədə sosial-iqtisadi inkişaf sahəsində gedən proseslərin qiymətləndirilməsini, sosial-iqtisadi (makroiqtisadi) proqnozların hazırlanmasını həyata keçirmək; iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyəti həyata keçirmək və s.*
N.Abbasova