2019-cu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 158,8 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 34,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrda fondun agent bankları tərəfindən 31 milyon manat məbləğində ipoteka krediti verilib.
Yanvar-noyabr aylarında İKZF 215,2 milyon manat məbləğində krediti (2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 2,8% - İF) təkrar maliyyələşdirib.
Noyabr ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Hökumət sosial ipotekanın maliyyələşdirilməsi üçün ilin əvvəlindən büdcədən 80 milyon manat ayırıb.
Bundan başqa, İKZF yanvar-noyabr aylarında istiqrazların yerləşdirilməsindən 150 milyon manat cəlb edib.
2018-ci ildə fondun agent bankları tərəfindən 272,5 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
Ə.Məmmədov