2019-cu ildə Azərbaycanın elektrik enerjisinin ixracından gəliri təqribən 60 milyon dollar təşkil edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Çərşənbə aşxamı İ.Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunan Vüqar Əhmədovla Azərbaycanda elektrik enerji sahəsinin inkişaf perspektivlərini müzakirə edib.
“Bu gün bizim təqribən 1 min meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Keçən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edib”, - dövlət başçısının saytında İ.Əliyevuin sözlərindən sitat gətirilir.
Prezident xatırladıb ki, son 15 il ərzində 3 min meqavat yeni generasiya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edildi və “Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib”.
Həmçinin, dövlət başçısı məlumat verib ki, Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, yenidən quruldu və təqribən 400 meqavatlıq itirilmiş güclər bərpa edildi. “Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək”, - Əliyev deyib.
Prezident əlavə edib ki, bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı ciddi iş həyata keçirilir. Xüsusilə, artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. “Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk”, - Əliyev vurğulayıb. **
N.Abbasova