Dövlət Sərhəd Xidməti çərşənbə axşamı erməni snayperinin açdığı atəş nəticəsində sərhədçi Fərzalı Fərzəliyevin öldürüldüyü Ermənistanla sərhəddə Qazax rayonu ərazisində mühəndis-texniki işlərin həyata keçirilməsinə dair məlumatı təkzib edir.
Öncə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində Azərbaycan sərhədçinin ölümünü şərh edərkən bunu Azərbaycan tərəfinin ön cəbhədə mühəndis işlərinin həyata keçirilməsi və sərhəddə öz mövqelərini irəli çəkmək cəhdi ilə izah etməyə çalışıb.
“Həmin hissədə Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən heç bir mühəndis-texniki işlər həyata keçirilməyib. Ermənistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsinin bu bəyanatı ağ yalandır və Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması faktına haqq qazandırmaq cəhdidir, o cümlədən ictimaiyyəti aldatmaq məqsədi güdür”, - “İnterfaks-Azərbaycan”a DSX-dən bildiriblər.
Məlumata əsasən, Ermənistanla sərhəddə Qazax və Ağstafa rayonları istiqamətində Azətrbaycan DSX-nın bölmələrinin hərbi-xidmət fəaliyyəti dövrü ərzində təmas xəttində məhz Ermənistan silahlı qüvvələri tərəfindən çoxsaylı gərginlik yaratmaq cəhdləri müşahidə olunur, lakin bu cəhdlər adekvat cavabsız qalmır.
Xəbər verildiyi kimi, çərşənbə axşamı saat 14:56 radələrində Qa¬zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzalı Fərzəliyev şəhid olub. **
N.Abbasova