Azərbaycan prezidenti İlham Əliyev Tehran şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ukraynalı və iranlı həmkarları Vladimir Zelenski və Həsən Ruhaniyə başsağlığı verib.
“Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - Azərbaycan liderinin saytında dərc olunan başsağlığı məktublarında qeyd olunur.
Çərşənbə günü səhər Ukrayna beynəlxalq hava yollarına məxsus “Boeing 737-800” sərnişin təyyarəsi Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Dəqiqləşdirilmiş məlumata əsasən, təyyarənin göyərtəsində 177 sərnişinin hamısı həlak olub. **
X.Nəsirzadə