Azərbaycan Xarici İşlər Nazirliyi isveçrəli kosmonavt Klod Nikolyenin adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
“Klod Nikolye XİN-ə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - XİN-in mətbuat xidmətindən məlumat verilir.
Məlumata əsasən, məktubunda kosmonavt beynəlxalq səviyyədə tanınmış Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmət ifadə edib.
2012-ci ildə Klod Nikolye digər isveçrəli astronavt Çarlz Dyuk ilə birlikdə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər edib. Buna əsasən Azərbaycan XİN onların adlarını “qara siyahı”ya daxil edib. **
A.Əzizov