Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 689 nəfərin namizədliyini qeydə alıb. Bunu MSK sədri Məzahir Pənahov deyib.
“İndiyədək seçkilərdə iştirak üçün 2,416 min nəfər namizədliyini irəli sürüb. Hazırda müraciət edən şəxslərin 2,305 min nəfərinin namizədliyi qeydə alınıb, onlardan 2,193 min nəfər imza vərəqələrini götürüb. 689 nəfərin namizədliyi təsdiq edilib”, - MSK sədri qeyd edib.
Prezident İlham Əliyev dekabrın 5-də beşinci çağırış Milli Məclisinin buraxılması və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək.
Azərbaycan parlamenti 125 deputatdan ibarətdir.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-də başlanacaq və təşviqat fevralın 8-də dayandırılacaq.**
X.Nəsirzadə