Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti 2020-ci ilin aprel ayında Azərbaycanda ofis açmağı planlaşdırır. Bu barədə “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan məlumat verib.
Azərbaycan prezidenti İlham Əliyev Mohammad Abunayyanı qəbul edərək şirkət ilə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“ACWA Power” şirkətinin səhmdarları, idarə heyəti tərəfindən belə qərar qəbul edilib ki, Azərbaycanı region üçün platforma olaraq istifadə edək. Bizim ofisim aprel ayından burada tam fəaliyyətə başlayacaq. Biz insan kapitalının inkişafı üçün təlimlərin keçirilməsi ilə məşğul olacağıq. Bu, bizim Azərbaycanda inkişaf etdirməyə çalışdığımız layihə üçün olacaq”, - Abunayyan bildirib.
O, həmçinin vurğulayıb ki, şirkət tərəfindən Azərbaycanda külək stansiyasının tikintisinə yatırmağa planlaşdırdığı $200 milyon “bu, Səudiyyə Ərəbistanı tərəfindən müxtəlif sahələri əhatə edəcək investisiya qoyuluşunun başlanğıcıdır”.
Eyni zamanda, Abunayyan qeyd edib ki, “ACWA Power” “Azərbaycanda istər bərpa olunan enerji mənbələri ilə, istərsə də yüksək səmərəliliklə qazın, yanacağın istehsalı ilə bağlı uzunmüddətli əməkdaşlığa sadiqdir”.
Xəbər verildiyi kimi, dünən Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. “ACWA Power” və “Masdar” şirkətlərinin bərpaolunan enerji mənbələri sahəsində həyata keçirəcəkləri pilot layihələr ümumilikdə $300 milyondan artıq qiymətləndirilir. Şirkətlər maliyyələşdirmənin bütün həcmini öz üzərlərinə götürürlər.
“ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.
“Masdar” şirkəti isə bərpaolunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 milyard dollar investisiya yatırıb.
Bu gün Azərbaycanda elektrik enerjisinin 91,9%-i ənənəvi enerji resursundan - təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.
Qiymətləndirmələrə görə, bərpaolunan enerji mənbələrinin potensialı 26 min MVt ətrafındadır.
Bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması nəzərdə tutulur. Bərpaolunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVt/st elektrik enerjisi 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək. **
N.Abbasova