2019-cu ilin 9 ayının yekunları üzrə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 406 milyon 422,8 min manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 33,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 448,543 milyon manat (aktivlərin 31,9%-i), uzunmüddətli maliyyə aktivlərində 395,579 milyon manat (artım 27,5%), debitor borclarında 190,135 milyon manat (artım 90,9%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2019-cu ilin oktyabr ayının əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 422,037 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 26,3% çoxdur.
30 sentyabr 2019-cu il tarixinə sektorun sığorta ehtiyatları 714,599 milyon manat (artım 36,5%), bölüşdürülməmiş mənfəəti 135,162 milyon manat (artım 4%) təşkil edib.
2019-cu il oktyabrın 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 23-ü sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-i isə broker şirkətidir.
Oktyabrın 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1,451 min manat təşkil edib, bu isə 2018-ci ilin üçüncü rübünün göstəricisindən 15,1% çoxdur.**
A.Əzizov