Azərbaycan Ordusunun sərəncamında olan silahlar düşmən üzərində qələbəni tam təmin etməyə imkan verir. Bu sözləri müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Azərbaycan Ordusunun sərəncamında olan silahlar düşmən üzərində qələbəni tam təmin etməyə imkan verir. Ermənistan silahlı qüvvələrinin bölmələrinin ehtimal olunan aktivliyinin qarşısının dərhal və daha üstün silahların tətbiq edilməsi ilə alınması məqsədilə adekvat tədbirlər görülməlidir”, - deyə nazir bu gün Mərkəzi Komanda Məntəqəsində onun rəhbərliyi altında keçirilən xidməti müşavirədə bildirib.
O, Əlahiddə Ümumqoşun Ordunun və düşmənlə təmas xəttində yerləşən digər hərbi hissələrin döyüş qabiliyyətini yüksək qiymətləndirərək cari ildə də bu istiqamətdə görüləcək tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
“Müdafiə naziri döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə cari ildə müxtəlif səviyyələrdə döyüş atışlı təlim və praktiki məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Bundan başqa, Z.Həsənov 2020-2021-ci illər ərzində Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesinin tam başa çatdırılmasını tapşırıb.*
N.Abbasova