“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda üzən Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” gəmisi Yunanıstanın İon dənizində qəzaya uğrayan qayıqdakı miqrantların xilasetmə əməliyyatında iştirak edib. Bu barədə ASCO-nun məlumatında deyilir.
“Hadisənin baş verdiyi vaxt Rusiyanın Taqanroq limanından Albaniyanın Durres limanına gedən və qəzanın qeydə alındığı ərazinin yaxınlığında olan ASCO-nun “Maestro Niyazi” quru yük gəmisi bu gün yerli vaxtla 09:14-də daxil olmuş SOS siqnalı əsasında dərhal köməyə yollanıb. Azərbaycan dənizçiləri təxirəsalınmaz və peşəkar yardım göstəriblər. Onların səyi nəticəsində Əfqanıstandan olan 1994-cü il təvəllüdlü Sultani Cəmşid, 2003-cü il təvəllüdlü Rzai Cabbar, 1996-cı il təvəllüdlü Muhammed Rəşid adlı üç miqrantın həyatı xilas olunub”, - deyə məlumatda bildirilir.
Sağ qalan miqrantlar gəminin göyərtəsinə götürüldükdən sonra isti yemək və geyimlə təmin olunub, həmçinin onlara digər zəruri əşyalar verilib.
“Miqrantlar aidiyyatı üzrə təhvil veriləcəklər”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova