Yanvarın 14-də Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
İclasda Azərbaycan tərəfini energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfini isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Manlio Di Stefano təmsil edəcək.
“İclasda ticarət-iqtisadi, enerji, logistika və infrastruktur, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair məsələlər müzakirə olunacaq”, - məlumatda deyilir.
Bildirilir ki, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları və perspektivlərin müzakirəsinə həsr olunmuş sessiya keçiriləcək.
Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovun İtaliyanın iqtisadi inkişaf naziri Stefano Patuanelli, eləcə də “Ansaldo Energia”, “Maire Tecnimont”, “Technip FMC”, “DBA Group” və “Alstom Italia” şirkətləri ilə görüşləri planlaşdırılır. **
N.Abbasova