"Gəncə Avtomobil Zavodu" İB 2020-ci ilin birinci rübündə Finlandiyanın “Sampo” firmasının taxıl kombaynlarının yığım xəttinin istifadəyə verilməsini planlaşdırır. Bu barədə İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.
"Gəncə Avtomobil Zavodu" Finlandiyanın "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədə uyğun olaraq Finlandiyanın “Sampo-Roselew” markalı kombaynların yığımı həyata keçiriləcək”, - İB-nin mətbuat xidməti Fətiyevin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, 2020-ci ilin mart ayının əvvəllərində kombaynların yığım xəttinin istifadəyə verilməsi planlaşdırılır.
““Sampo-Roselew” markalı kombaynlar Azərbaycan fermerlərinin istifadəsindədir və yerli istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Gəncə avtomobil zavodu İB-i Sampo kombaynlarının yığılması ilə bərabər onun həm Azərbaycan bazarında satış və satış sonrası xidmətlərini həyata keçirəcək, həm də yaxın ölkələrə ixracını da reallaşdırmağı planlaşdırır”, - Fətiyev bildirib.
O, həmçinin qeyd edib ki, İB-nin marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə bu məhsulun ixracına dair xüsusi tapşırıqlar verilib.
Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir. **
B.Rüstəmbəyov