2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 2,2% təşkil edib. Bunu prezident İlham Əliyev deyib.
“Keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”, - Əliyev bazar ertəsi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə ümumi daxili məhsul 2,2% artıb, bu, “yaxşı nəticədir”. “Qeyri-neft sektorunda bu artım 3,5%-dir. Sənaye istehsalı 1,5%, qeyri-neft sektorunda sənaye istehsalı 14% artıb. Kənd təsərrüfatı təxminən 7% artıb. İnflyasiya 2,6%, əhalinin pul gəlirləri 7,4% olub”, - prezident qeyd edib.
Əliyev vurğulayıb ki, 2019-cu ilin yekunları üzrə Azərbaycanın valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatıb. Prezident əlavə edib ki, xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir.
2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,4% təşkil edib. **
A.Əzizov