Azərbaycan prezidenti İlham Əliyev əmindir ki, 2020-ci ildə TAP qaz kəməri vaxtında istismara veriləcək.
“Cənub Qaz Dəhlizinin dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90%-i keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”, - Əliyev bazar ertəsi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısı Cənub Qaz Dəhlizinin üçüncü layihəsi olan TANAP qaz kəmərinin 2019-cu ildə tam həcmdə istismara verilməsini tarixi nailiyyət adlandırıb.
“Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir”, - dövlət başçısı vurğulayıb. **
N.Abbasova