2019-cu ilin yekunları üzrə Azərbaycanın xarici borcu ÜDM-in 17,2%-ni təşkil edib, 2020-ci ildə 1 faiz punktu azala bilər. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“2019-cu ilin yekunları üzrə Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17,2%-ni təşkil edir. 2020-ci ildə xarici borcun xidmətinə 1,7 milyard manat məbləğində vəsait yönəltmək nəzərdə tutulur ($1 milyard). Biz çalışacağıq ki, xarici dövlət borcumuz təxminən 1 faiz azalsın”, - Şərifov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışında bildirib.
Onun sözlərinə görə, cari il Maliyyə Nazirliyi borc yükünün azalması məqsədilə bəzi tədbirlər görməyi nəzərdə tutur. Xüsusilə, Azərbaycan daha bahalı borcları ödəyərək, daha ucuz kredit vəsaiti cəlb etmək istəyir.
Prezident İlham Əliyev müşavirədə xarici borcun azaldılması ilə bağlı prosesi davam etdirməyi tapşırıb. “Kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır. Bir də ki, biz indi xarici kreditləri də çox böyük ehtiyatla alırıq. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər”, - dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib. Sənədə əsasən, 2026-cı ilə qədər Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq.**
A.Əzizov