Azərbaycan 2021-ci ildə Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisini başa çatdırmağa ümid edir. Bunu baş nazirin müavini Şahin Mustafayev deyib.
“Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisi gələn il başa çatdıqda, bu, Azərbaycan ərazisindən yük avtomobillərinin keçidi baxımından təxminən iki dəfəyədək vaxt itkisinin azalmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaq”, - Mustafayev bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlanacaq. “Azərbaycan Rusiya və İran vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər həyata keçirir. Artıq avtomagistral yollar inşa olunur, dəmir yolu təmir olunur. Azərbaycan öz ərazisində işlərin böyük hissəsini artıq başa çatdırmışdır və yaxud başa çatdırmaq üzrədir. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Düşünürəm ki, gələn il o körpünün də tikintisi başa çatacaq”, - baş nazirin müavini qeyd edib.
Prezident İ.Əliyev 2018-ci il fevralın 19-da H.Z.Tağıyev qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni avtomobil yolunun tikintisinə 150 mln. manat (cari məzənnə ilə $88,2 mln.) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu avtomobil yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq və turizmin inkişafına təkan verəcək.**
N.Abbasova