2018-2019-cu illərdə Azərbaycanda verilən biznes kreditləri üzrə faiz dərəcəsi 5 faiz punktu azalıb. Bunu Azətrbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5% aşağı düşdüyünü görürük. Təxminən 16%-dən 11%-ə düşüb. Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük. Təbii ki, bunun səviyyəsi bizi hələ qane etmir və bu istiqamətdə işlər davam etdiriləcəkdir. Mən artıq qeyd etdim, dövriyyədə olan pul kütləsinin həcmi 24%-dən çox artmışdır, bu da pul siyasətini yumşaltma deməkdir və bütövlükdə banklara 2 milyard manatdan çox vəsait verilmişdir”, - Rüstəmov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
O qeyd edib ki, bütövlükdə maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir sıra həssaslıqlar qalıbdır. Onun sözlərinə görə, ötən il kreditlər 16%, biznes kreditləri 11%, istehlak kreditləri 20%-dən bir qədər çox artıb.
“Cari ildə görəcəyimiz əsas işlərdən biri iqtisadiyyatın, xüsusilə də kiçik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasıdır”, - Rüstəmov bəyan edib.
O əlavə edib ki, 2019-cu ilin yekunları üzrə əhalinin manatla müddətli əmanətləri 27% artıb. Rüstəmovun sözlərinə görə, kreditlərin dollarlaşması 38%-dən 35%-zə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62%-dən 54%-ə enib. **
Ə.Məmmədov