Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC sosial mənzil tikintisi layihəsinin reallaşdırılmasına 80 milyon manata yaxın investisiya cəlb edib. Bu barədə MMC-dən məlumat verilib.
“Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Agentliyin həyata keçirdiyi layihələrə 80 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib. “Yasamal-2” yaşayış kompleksində çoxmənzilli yaşayış binalarının tikintisi üzrə investisiya müsabiqələrinin qalibləri ilə müqavilələrə əsasən 60 milyon manata yaxın investisiya qoyuluşunun həyata keçiriləcəyi nəzərdə tutulur”, - məlumatda qeyd olunur.
Bildirilir ki, “Yasamal-2” və həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi ilə bağlanmış müqaviləyə əsasən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb edilib.
“2019-cu ildə Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 5 satışı həyata keçirilmiş və 1,112 min ailə güzəştli mənzilə sahib olub. Ümumilikdə isə Yasamal Yaşayış Kompleksində Agentliyin sərəncamında olan 1,634 min mənzildən 1,39 min ədədi bu günədək vətəndaşlar tərəfindən güzəştli şərtlərlə əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 514-ü mənzili öz vəsaiti hesabına, 876-sı isə güzəştli ipoteka krediti hesabına əldə edib”, - məlumatda qeyd olunur.
Hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində. Həmçinin “MİDA” Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksi inşa edir.**
N.Abbasova