Azərbaycan Belarusa neft tədarükü üçün imkanlara malikdir. Bu barədə SOCAR-ın (ARDNŞ) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Belarusda emal üçün neft nəqlinə dair bu ölkə tərəfindən maraq olub. Lakin hələlik konkret qərar yoxdur. Ötən il bzi Belarusa neft nəql etmişik və prinsip etibarilə bunun üçün imkanlar var”, - Əhmədov bildirib.
O qeyd edib ki, hazırda Belarus tərəfi həmçinin SOCAR tərəfindən nəql daxil olmaqla, bazarda mövcud müxtəlif imkanları nəzərdən keçirir.
Öncə Belarusun baş nazirin birinci müavini Dmitri Krutoy bəyan edib ki, Belarus neft alışı ilə bağlı Bütün mümkün ölkələrə kommersiya təklifləri ünvanlayıb. “Biz müvafiq kommesiya təklifləri göndərmişik. Bütün mümkün ölkələrə: həm Ukrayna, həm Baltikyanı ölkələr, həm Polşa, həm Qazaxıstan, həm Azərbaycana”, - Krutoy bildirib.
“Zavodlarımızın, Belarus neft şirkətinin bütün kommersiya xidmətləri praktiki olaraq gündəlik rejimdə danışıqlar aparır. Düşünürəm ki, yaxın zamanda konkret neft nəqli ilə bağlı alternativ variantlar əldə edəcəyik”, - baş nazirin birinci müavini bildirir. **
N.Abbasova