Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2019-cu ildə Azərbaycanda fəaliyyətə görə səhmdarlara $8,7 milyon məbləğində dividendlər ödəyib. Bu barədə şirkətdən məlumat verilir.
“2019-cu ilin IV rübündə şirkət $4,1 milyon məbləğində dividendlər ödəyib. Ümumilikdə, ötən il ödənilən dividendlərin məbləği $8,7 milyon təşkil edib”, - məlumatda qeyd olunur.
Şirkətin məlumatına görə, 2019-cu il dekabrın 31-nə AAM $21,2 milyon məbləğində xalis öpul vəsaitinə malikdir. “2019-cu il dekabrın 31-nə şirkətin bank hesablarında və nağd olaraq $22,9 milyon vəsait var. “PAŞA Bank”dan $1,7 təkrar maliyyə kreditinin olmasını nəzərə alaraq, AAM-nin xalis pul vəsaiti $21,2 milyon təşkil edib”, - məlumatda qeyd olunur.
Eyni zamanda, 2019-cu ilin IV rübü ərzində şirkətin xalis pul vəsaitinin həcmi artıb, 2019-cu il sentyabrın 30-na $19,1 milyon təşkil edib. Ötən il ərzində şirkətin xalis maliyyə vəsaitinin həcmi $6,1 milyon artıb.
Ötən il AAM-nin ödədiyi mənfəət vergisinin həcmi $7,5 milyon təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə "Anglo Asian Mining" Azərbaycandakı fəaliyyəti ilə əlaqədar ilk dəfə səhmdarlara dividendlər ödəyib: bir səhm üçün $0,07 sent. Bütövlükdə, dividendlərin ödənilməsinə $8 mln. yönəldilib.
AMM-nin əsas səhmdarlarına daxildir: Reza Vəziri (28,67%), Con Sununu (9,38%), Limelight Industrial Developments şirkəti (3,53%), AAM-nin direktoru və menecmenti (2,95), digər səhmdarlar (55,47%).
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.**
Ə.Məmmədov