Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 100 ədəd elektriklə işləyən “London taxi” alıb. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
“Azərbaycanda 1,5 min ədəd “London taxi” fəaliyyət göstərir. Nazirliyin tabeliyində 1200 ədəd “London taxi” var. Biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taxi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir”, - Quluzadə çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bildirib.
Öz növbəsində, prezident qeyd edib ki, 2020-ci ildə Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcək. “Bundan sonra da bu istiqamətdə işlər görüləcək”, - dövlət başçısı bildirib.
Əliyevin sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. “Hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk”, - prezident deyib.
O, həmçinin vurğulayıb ki, Gəncə şəhərində də avtobus təsərrüfatı köhnəlib. “Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır”, - Əliyev əlavə edib. **
B.Rüstəmbəyov