2016-2019-cu illərdə Bakıda keçiriən “Formula 1” yarışlarından Azərbaycanın əldə etdiyi birbaşa və dolayı gəlir $797 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
“Eyni zamanda, turistlərin xərcləmələri, bilet satışları üzrə gəlirlər, F1 işçilərindən əldə edilən ümumi fayda, TV vasitəsilə canlı baxış üzrə əldə edilən dəyər və digər birbaşa yaxud dolayı gəlirlər əsasında iqtisadi fayda 500,8 milyon dollar təşkil edib. Press-relizlər, müsahibələr, şəkil, video və xüsusi tədbirlər vasitəsilə yaradılan xəbərlərin bütünlüklə oxunma və baxılma sayı hesabına daha 296,3 milyon dollar əldə olunub (media dəyəri)”, - Mərkəzdən qeyd ediblər.
Həmçinin, bildirilir ki, "Formula 1" yarışları hesabına 5 mindən çox qısa və orta müddətli iş yeri yaradılıb, 3 min könüllü cəlb edilib.
Bakıda "Formula 1" yarışları 2016-cı ildən keçirilir və 2017-ci ildən rəsmi şəkildə Azərbaycan Qran Prisi adlanır.
2019-cu ildə Azərbaycan Qran Prisini 85 minə yaxın tamaşaçı izləyib.
“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran Prisi iyunun 7-də keçiriləcək. **
Ə.Məmmədov