SOCAR və BP şirkətləri 13 yanvar tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun (SAX01) qazılmasına başlayıblar. Bu barədə SOCAR-dan (ARDNŞ) məlumat verilir.
“Bu quyunun ümumi dərinliyinin 7 min metrə çatacağı, qazma işlərinin isə təxminən 9 ay davam edəcəyi planlaşdırılır. Sonra quyunun göstəriciləri təhlil ediləcək”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, “Şəfəq-Asiman” strukturunda quyunun dərinliyi təxminən 6500-7000 metr təşkil edəcək. Struktur sahəsində dənizin dərinliyi 650-950 metr arasındadır. İlkin məlumatlara görə, məhsuldar qalın təbəqə təxminən üç kilometr təşkil edir və 5 km-dən 8 km-ə qədər dərinlikdən başlayır.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və “BP Exploration” şirkətləri arasında blokun təqdiqatına dair müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma imkanı ilə 30 il müddətinə nəzərdə tutulub.
“Şəfəq-Asiman” strukturunda üçölçülü seysmik tədqiqat işləri aparılıb. Strukturun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton kondensatdır.**
B.Rüstəmbəyov