“Azərbaycan Dəmir Yolları" QSC vasitəsilə daxili sərnişin daşımalarının həcmi 3 milyon 849 min nəfər olub. Bunu QSC-nin sədri Cavid Qurbanov deyib.
“2019-cu ilin yekunları üzrə ölkə daxilində 3 milyon 849 min sərnişin daşınıb, bu da 2018-ci ilin göstəricisindən 35,8% çoxdur”, - Qurbanov 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Yükdaşımalarına toxunan Qurbanov qeyd edib ki, 2019-cu ildə 9,1% artım qeydə alınıb. “2019-cu ildə 9,1 % artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub”, - o vurğulayıb.
Qurbanovun sözlərinə görə, ötən il tranzit rejimdə daşınmış yüklərin ümumi artımı 24,7% olub. “Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarında artım 42% olub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi 38 % artıb”, - Qurbanov bəyan edib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir.
Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanın Cənub-Şərqi Asiya ilə, eləcə də Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirilməsinə xidmət edir. Birinci mərhələdə bu dəhlizlə illik 5 mln. ton, gələcəkdə isə 10 mln. tondan artıq yük nəqli planlaşdırılır.**
B.Rüstəmbəyov