Azərbaycanda saxta spirtli içkilər istehsal edən dəstə müəyyən edilib, dəstənin başçısı və daha 5 üzvü həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilir.
“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstəyə qarşı əməliyyat keçirib”, - nazirlikdən bildirilir.
Tədbir nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Nazim Duşdurovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.
N.Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış 60 min ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Məlumata görə, spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilib ki, onlar istifadəyə tam yararsızdır və insan həyatı üçün təhlükəlidir.
Faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - XİN-dən vurğulanır. **
X.Nəsirzadə