Azərbaycan 2020-ci ildə Ələt qəsəbəsində Azad Ticarət Zonasında infrastrukturun yaradılması ilə bağlı işlərə başlamağı planlaşdırır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2020-ci ildə Ələtdə Azad Ticarət Zonasının fəaliyyətinin təminatı həmçinin infrastrukturun yaradılması ilə bağlı zəruri işlərə başlanacaq. Artıq Azad Ticarət Zonasının rəhbəri müəyyən olunub, cari ildə Dövlət İnvestisiya Proqramında isə bu məqsədlərə vəsaitin ayrılması nəzərdə tutulur”, - Cabbarov bu gün 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Nazir əlavə edib ki, həmçinin bu il sənaye parkları və məhəllələrdə bir sıra layihələrin başa çatdırılması planlaşdırılır. “Onlardan bəziləri cari ilin fevral ayında başa çatacaq”, - Cabbarov qeyd edib.
Xəbər verildiyi kimi, 2016-cı il martın 17-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Azad Ticarət Zonasının yaradılmasını tapşırıb. O cümlədən, Azad Ticarət Zonasına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olacaq.
2016-cı ilin sentyabr ayının əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group” şirkəti Azad Ticarət Zonasının yaradılması çərçivəsində Azərbaycan hökumətinin məsləhətçisi qismində cəlb olunub. 2017-ci ildə Ələt Azad Ticarət Zonasına dair texniki-iqtisadi əsaslandırma və Baş Planı hazırlayıb.
Zonanın ərazisində neft-kimya, əczaçılıq, yüngül sənaye, ASK və digər sahələrdə sənaye klasterlərinin yaradılması planlaşdırılır. **
Ə.Məmmədov