Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktorların sayı 4-dən 6-dək artıb. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
“Əli Əhmədov və Toğrul Əliyev bankın yeni baş direktorları təyin olunublar”, - AMB-dən qeyd edilib.
Öncə Ə.Əhmədov AMB-nin Bazar əməliyyatları Departamentinin direktoru, T.Əliyev – AMB-nin Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsini tutublar.
Prezident İlham Əliyev 2019-cu il noyabrın 28-də "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilir və maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilir.
Bununla əlaqədar AMB-də kadr təyinatları olub. Xüsusilə, Fuad İsayev kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin rəhbəri rəhbəri, Vüsal Qurbanov sığorta fəaliyyətinə nəzarət departamentinin rəhbəri, Elrad Seydiyev maliyyə bazarlarında əməliyyatlar departamentinin rəhbəri, Elnur Allahverdiyev Lisenziyalaşdırma şöbəsinin rəhbəri və Zaur Hacılı Maliyyə monitorinq bölməsinin rəhbəri təyin olunublar. **
Ə.Məmmədov