“Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ili 302 milyon 316 min manat xalis mənfəət ilə başa vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Bank 2019-cu ili 302 milyon 316 min manat xalis mənfəət ilə başa vurub, bu da 2018-ci ilin göstəricisindən 29% azdır. Hesabat ili ərzində bankın faiz gəlirləri 441 milyon 940 min manat (artım 6,5%), faiz xərcləri – 98 milyon 161,16 min manat (azalma 17,1%) təşkil edib. Ötən il bankın qeyri-faiz gəlirləri 143 milyon 411 min manat (artım 23,6%), qeyri-faiz xərcləri 165 milyon 669 min manat təşkil edib (artım 41,3%)”, - bankdan qeyd ediblər.
ABB 2019-cu ildə 72 milyon 472,67 min manat mənfəət vergisi ödəyib (2018-ci ildə bank mənfəət vergisi ödəməyib - İF).
Bankın məlumatına görə, 2019-cu ildə aktivləri 16,3% - 9 milyard 223,361 milyon manatadək artıb. Ötən ilin yekunları üzrə kredit portfeli 23,5% - 2 milyard 374,985 milyon manatadək artıb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 7 milyard 883,741 milyon manata bərabərdir (artım 16,4% - İF).
Hesabat dövrünün sonuna AMB-nin depozitlərinin həcmi 5 milyard 635,109 milyon manat təşkil edib (artım 29.3%).
2019-cu il dekabrın 31-nə bankln kapitalı 1 milyard 339,62 min manat təşkil edib (artım 15,3%). Bankın nizamnamə kapitalı 1 milyard 224,478 milyon manata bərabərdir (dəyişməyib).
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov