“Carlsberg Group” Azərbaycan iqtisadiyyatına, həmçinin ASK sektoruna sərmayələri artırmağı planlaşdırır. Bu barədə şirkətin baş icraçı direktoru Cees’t Hart bəyan edib.
“Carlsberg Group” Azərbaycan iqtisadiyyatına sərmayələri artırmaq niyyətindədir. Bundan əlavə, şirkət kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb”, - dövlət başçısının saytındakı məlumata əsasən, Cees’t Hart Davosda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bildirib.
Həmçinin, Cees’t Hart prezident Əliyev tərəfindən aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə etdi.
Əliyev, öz növbəsində Azərbaycanda investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğuladı.
“Carlsberg Group” Xırdalan şəhərində yerləşən “Carlsberg Azerbaijan” pivə zavodunun sahibidir. Zavodun istehsal gücü ildə 8 mln. dekalitr təşkil edir. Şirkətdə 260 nəfərə yaxın işçi çalışır. Şirkət zavodun inkişafına ümumilikdə 50 mln. manata yaxın sərmayə qoyub.
“Carlsberg Azerbaijan” “Xırdalan, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Baltika Kuler”, “Əfsanə”, “Jiqulevskoe”, “Firmennoe”, “Carlsberg”, “Holsten”, “Kronenbourg Blanc”, “Seth&Riley`s Garage” kimi pivə brendləri istehsal edir.**
B.Rüstəmbəyov