“Signify” şirkəti yeni texnologiyaların tətbiqi prosesində Azərbaycana dəstək verməyə hazırdır. Bunu şirkətin baş icraçı direktoru Erik Rondola deyib.
“Signify” şirkəti işıqlandırma sahəsində dünya liderlərindən biridir və yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazırdır. Şirkət iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin “ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantları təklif edir”, - Rondola çərşənbə axşamı Davosda Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı bildirib. Bu barədə dövlət baçısının saytında məlumat verilir.
O cümlədən, Rondola investisiya yatırılması imkanlarını Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını bildirib.
Öz növbəsində, İ.Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini bildirdi. Dövlət başçısı, eyni zamanda, növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verdi. **
Ə.Məmmədov