2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhalinin sayı 0,8% artaraq dekabrın 1-nə 10 mln. 60,194 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 116 nəfərdir.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Bu dövrdə ölkə üzrə 129,183 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Yeni doğulan oğlanlar 53,2% qızlar – 46,8% təşkil edib. Körpələrin 3,102 mini əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.
Yanvar-noyabr aylarında 50,796 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,6 (2018-ci ilin 11 ayı ərzində 5,8) təşkil edib.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 58,317 min nikah (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 2,5%) və 15,635 min boşanma halı (artım 14,5%) qeydə alınıb.
Yanvar-noyabr aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,861 min nəfər gələn və 1,511 min nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə