Prezident İlham Əliyev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli yanvarın 22-də Davosda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İlham Əliyev bunun çox mühüm layihə olduğunu bildirib. Dövlət başçısı bu ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir.*
B.Rüstəmbəyov