2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatının həcmi 186,7 milyon barel olacaq. Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin layihəsi ilə bağlı rəyində bildirilir.
“2020-ci ildə AÇG blokundan neft hasilatının həcminin 186,7 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin göstəricisinə nisbətən 10,4 milyon barel azdır. Azalma (5,3% - İF) hasilatın aşağı düşməsi ilə əlaqədar olacaq”, - deyə Hesablama Palatasının məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2019-cu ildə AÇG blokundan neft hasilatı 26,237 milyon ton təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.*
N.Abbasova