Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu sözləri IFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə regional meneceri Yan van Bilsen deyib.
“İFC enerji sahəsində özəl sektorun inkişafı və islahatlarla bağlı təcrübəyə malikdir. Bununla əlaqədar korporasiya Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır”, – deyə o, Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə bildirib.
Energetika sektorunda həyata keçirilən islahatlar və bu məqsədlə yeni qanunvericilik bazasının hazırlanması barədə məlumat verən P.Şahbazov qeyd edib ki,bu istiqamətdə IFC ilə əməkdaşlıq edilə bilər.
“Görüşdə elektroenergetika sahəsində liberal bazar modelinə keçid, özəl investisiyanın cəlbi ilə yeni istehsal güclərinin yaradılması və dənizdə külək enerjisi üzrə perspektiv əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Korporasiya Azərbaycanda 56 uzunmüddətli layihənin maliyyələşdirilməsinə $473 milyon yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 milyon məbləğində vəsaitin cəlb olunmasına yardım edib. Korporasiya, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə $250 milyon, ticarət dövriyyəsinin dəstəklənməsinə isə təxminən $100 milyon ayırıb.*
Ə.Məmmədov