2019-cu ildə Azərbaycanda qida sahəsində 10 mindən çox sahibkarlıq subyekti qeydiyyata alınıb. Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
“2019-cu ildə Azərbaycanda qida məhsullarının istehsalı ilə məşğul olan 10 mindən çox sahibkarlıq subyekti qeydiyyata alınıb. Bu sektorun böyük ixrac potensialı var və ondan faydalanmaq lazımdır", - deyə o, bu gün keçirilən “Qida təhlükəsizliyi – mövcud vəziyyət və perspektivlər” adlı forumda bildirib.
Sədr qeyd edib ki, KOBİA 2019-cu ildə qida sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək olmaq üçün bir sıra tədbirlər keçirib. “Ötən il KOBİA 150 sahibkarın müxtəlif sərgilərdə pulsuz iştirakına imkan yaradıb. Onların 50%-dən çoxu qida istehsalı sahəsini təmsil edirdi”, - deyə o əlavə edib.
O.Məmmədov, həmçinin qeyd edib ki, uğurlarla yanaşı, müəyyən problemlər də mövcuddur. “Problemlərdən biri supermarketlərdə məhsulların satışı ilə bağlıdır. Həm obyektiv, həm də subyektiv səbəblər var, bunlardan məhsulların qablaşdırılması, məhsulların daimi əsaslarla çatdırılması və s. qeyd etmək olar”, - deyə agentliyin sədri vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə də müəyyən işlər görüləcək.*
B.Rüstəmbəyov