Avropa Yenuidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda elektronika və məişət texnikasının ən iri pərakəndə satıcılarından biri olan Optimal Elektronika şirkətinə 11,5 milyon avro kredit ayırıb. Bu barədə bankın məlumatında deyilir.
“Manat ekvivalentində verilən 11,5 milyon avro kredit şirkətə yeni inzibati bina və anbar inşa etməyə, eləcə də qısamüddətli kreditləri təkrar maliyyələşdirməyə imkan verəcək”, - deyə məlumatda bildirilir.
AYİB qeyd edir ki, investisiyalar şirkət işçilərinin sayının artmasına da imkan verəcək.
1997-ci ildən fəaliyyət göstərən Optimal Elektronika hazırda ölkə üzrə 80 satış mağazası ilə müştərilərə xidmət göstərir. Pərakəndə satış bazarında şirkətin xüsusi çəkisi 12% təşkil edir.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 30 sentyabr 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,37 milyard avro investisiya qoyulub. Hazırda bank respublikada 37 layihə reallaşdırır və 1,42 milyard avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 23%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
Ə.Məmmədov