Son 10 ildə Azərbaycan hökuməti təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait ayırıb. Bu barədə maliyyə naziri Samir Şərifov baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və icbari sığortanın tətbiqi ilə bağlı məsələlərə həsr olunmuş müşavirədə məlumat verib.
Ə.Əsədov müşavirədə çıxış edərək bildirib ki, Azərbaycanda icbari sığorta ilə əlaqədar qanunvericilik bazası formalaşdırılıb. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar.
Mərkəzi Bankın sədri Elman Rüstəmov “Azərbaycan sığorta bazarı: strateji baxış” adlı təqdimatla çıxış edib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə vurğulayıb ki, qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac var.
Baş nazir müşavirəyə yekun vuraraq “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin vacibliyini bildirib. O qeyd edib ki, görülmüş işlərin nəticələri 3 aydan sonra yenidən müzakirə ediləcək.*
A.Əzizov