Prezident İlham Əliyev Elazığ vilayətinin Sivrice şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
“Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıdıb. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə Azərbaycan prezidentinin saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Sivrice şəhərində 6,8 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ İraq, Suriya və Livanda da hiss olunub.*
B.Rüstəmbəyov