Azərbaycan Türkiyədə təhsil alan tələbələrin zəlzələ zonasından təxliyəsinə başlayıb. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Twitter səhifəsində məlumat verilir.
“Elazığ və Malatyadan tələbələri daşıyan iki avtobus Naxçıvana yola düşüb. Tələbələr təyyarə ilə Naxçıvandan Bakıya yola salınacaqlar”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, prezident İlham Əliyev azərbaycanlı tələbələrin Türkiyədə zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.
Yanvarın 24-də axşam saatlarında Sivrice şəhərində (Elazığ vilayəti) 6,8 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ İraq, Suriya və Livanda da hiss olunub.
Zəlzələ nəticəsində 22 nəfər həlak olub, 1030 nəfər xəsarət alıb.*
B.Rüstəmbəyov