S&P Global Ratings beynəlxalq reytinq agentliyinin analitikləri hesab edirlər ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlamet seçkilərinin nəticələrinə əsasən hakim Yeni Azərbaycan Partiyası səs çoxluğu qazanacaq.
“Son aylar ərzində Azərbaycanda bir neçə siyasi hadisə baş verdi: prezident İlham Əliyev baş naziri dəyişdi, Nazirlər Kabinetinin strukturunu təkrar təşkil etdi, parlament buraxıldı. Fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin olunub. Görünür, yeni parlamentdə prezidentin partiyası olan YAP üstünlük təşkil edəcək, baxmayaraq ki, bura bir neçə yeni üzv daxil olacaq”, - agentliyin analitikləri belə hesab edirlər.
S&P-nin qiymətləndirmələrinə görə, Nazirlər Kabineti strukturunda islahatların aparılması və parlamentin buraxılmasına struktur islahatların həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə təşəbbüs olunub. “Lakin parlament və hökumətin yeni tərkibdə fəaliyyətinin səmərəliliyini hələ zamanla yoxlamaq lazımdır”, - agentlik qeyd edir.
O cümlədən, S&P Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar mövcud qeosiyasi riskləri qeyd edir. “Ortamüddətli perspektivdə tammiqyaslı münaqişənin gərginləşəcəyini gözləmirik. Lakin, əvvəlki kimi, bu məsələ ilə bağlı tərəflərin tamamilə fərqli baxışlarını nəzərə alaraq, münaqişənin həlli perspektivlərini uzaq hesab edirik” - S&P-nin məlumatında vurğulanır.
Azərbaycan parlamenti 5 il müddətinə seçilən 125 deputatdan ibarətdir. **
A.Əzizov