Bazar ertəsi Bakıda Azərbaycan Turizm Bürosu, Avropa Mədəni Marşrutlar İnstitutu və "Iter Vitis Europe" şərab marşrutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun təqdimatı keçirilib.
Azərbaycan Turizm Bürosunun Turizm məhsulları sektorunun rəhbəri Şərifə Həsənova jurnalistlərə bildiib ki, bu turizm layihəsi Qafqazda, Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək şərab turizminin inkişafına təkan verəcək.
“Marşrut artıq istifadəyə verilib. Hazırda şərab məhsullarının istehsalı ilə məşğul olan şirkətlər üçün təlimlər keçirilir. Üç ölkənin şərabçıları arasında təcrübə mübadiləsi planlaşdırılır. O cümlədən, marşrutda yeni turizm istiqamətləri qeyd olunacaq, Məqsəd üç ölkənin turoperatorlarına gələcəkdə yeni şərab marşrutları barədə məlumatın təqdim olunmasıdır”, - Həsənova qeyd edib.
Təqdimat çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında şərab turizmi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və "Iter Vitis Europe" şərab marşrutunun prezidenti Emanuela Panke imzalayıblar.
“Azərbaycan böyük turizm potensialına malikdir və bu layihə həm ölkə daxilində, həm də bütün Qafqaz regionunda turizmin inkişafına şərait yaradacaq”, - Zenqstşmid qeyd edib. **
X.Nəsirzadə