2019-cu ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 22 mln. 999,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“2019-cu ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 320 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 22 mln. 999,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib”, - məlumatda deyilir.
Hesabat dövrü ərzində 82 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.
İstintaqı tamamlanmış cinayət işlərindən 126 iş üzrə 149 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
İl ərzində İstintaq idarəsində 10 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 21 nəfər şəxs tutulub.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb. **
Ə.Məmmədov