Azərbaycan 2020-ci ildə Rusiyadan turist axınının 1 milyon nəfərədək artacağını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.
“2018-ci ildə Azərbaycana 878,391 min Rusiya vətəndaşı, 2019-cu ildə 932,198 min turist gəlib. Biz 2020-ci ildə rusiyalı turistlərin sayının təxminən 1 milyon nəfər olacağını gözləyirik”, – deyə o bildirib.
K.Quluzadə qeyd edib ki, artım tempinə görə Rusiya vətəndaşları Azərbaycana səfər etmiş ölkələr arasında 2-ci yeri, turistlərin sayına görə isə 1-ci yeri tutur. “Keçən il Rusiyadan turist axını 53,807 min nəfər təşkil edib”, - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Azərbaycana ümumi turist axınına gəlincə, o deyib ki, cari ildə turistlərin sayının 10% artacağı proqnozlaşdırılır.
2019-cu ildə Azərbaycana 3,17 milyon nəfər turist gəlib ki, bu da 2018-ci ilin göstəricisindın 11,4% çoxdur. Beləliklə, ölkəyə turist axını təxminən 3,5 milyon nəfərə çata bilər.*
X.Nəsirzadə