“Azərtexnolayn” MMC Özbəkistanda polietilen boru istehsalı zavodu inşa etməyi planlaşdırır. Bu barədə Özbəkistan KİV-i xəbər verir.
Bu layihənin həyata keçirilməsi mümkünlüyü yanvarın 24-də “Azərtexnolayn” MMC-nin Polietilen məmulatlar zavodunun direktoru Məmmədcəfər Məmmədovun Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin dövlət orqanları ilə əməkdaşlıqda investorlara dəstək şöbəsinin müdiri Bekzod Baxodirovla görüşü zamanı müzakirə edilib.
“M.Məmmədov bildirib ki, hazırda Özbəkistanda “Azərtexnolayn” şirkətinin məhsullarının satış ofisi açılıb, lakin ölkədə polietilen borular istehsal edən zavodun inşasına maraq yaranıb. Layihə çərçivəsində şirkət $300-400 min ayırmaq niyyətindədir ki, bu da 30-40 yeni iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda qeyd olunur.
Görüşdə Azərbaycan tərəfi Özbəkistanda xarici investorlara edilən güzəştlər, bank kreditlərinin verilmə şərtləri və faiz dərəcələri, eləcə də müəssisənin inşası üçün ən uyğun ərazi barədə məlumat istəyib.
“Agentlik zavodun Buxara, Səmərqənd və ya Daşkənd vilayətlərindəki azad iqtisadi zonaların ərazisində inşa edilməsini təklif edib. B.Baxodirov bildirib ki, bank kreditlərinin verilməsi və azad iqtisadi zonada fəaliyyətin həyata keçirilmə xüsusiyyətləri haqqında məlumat hazırlanaraq şirkətin nümayəndələrinə təqdim olunacaq. Görüşün sonunda tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını ifadə ediblər", - deyə məlumatda vurğulanır.
"Azərtexnolayn" MMC 2012-ci ilin fevral ayında yaradılıb və Sumqayıt Kimya Sənaye Parkının ilk rezidentidir.*
N.Abbasova