Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Belarusa neft nəqli məsələsi iki ölkənin müvafiq şirkətləri arasında müzakirə olunmalıdır.
“Yəqin ki, bu məsələ neft şirkətinə aiddir. Bir neçə il əvvəl biz Belarusa neft nəql etmişik. Sonra bu proses Belarus tərəfinin təşəbbüsü ilə dayandırıldı. Bu cür tələbat yaranarsa, o zaman Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən bu məsələyə baxılacaq. Bu gün SOCAR Tradinq şirkəti ən iri treydinq şirkətlərindəndir və satdığı neftin böyük hissəsi Azərbaycanda hasil olunmur. Bu səbəbdən, texniki cəhətdən Azərbaycan şirkəti nefti istənilən yerə nəql edə bilər”, - Əliyev “Rossiya24” telekanalına müsahibəsində bildirib.
Eyni zamanda, prezident qeyd edib ki, qiymət, logistika, müqavilə öhdəlikləri ilə əlaqədar məsələlər “bütün bunlar müvafiq şirkətlər arasında nəzərdən keçirilməlidir”. **
A.Əzizov